İnam Kərimov: “Ermənistanın yaşayış məntəqələrini atəşə tutması 100 mindən çox fermerin həyatına təsir edib”

İnam Kərimov: “Ermənistanın yaşayış məntəqələrini atəşə tutması 100 mindən çox fermerin həyatına təsir edib”
# 20 oktyabr 2020 12:50 (UTC +04:00)

“Bu ilin sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin atəşə tutulması nəticəsində aralarında uşaqlar da daxil olmaqla çoxlu sayda mülki şəxs həlak olub, yaralanıb və bölgələrin infrastrukturuna ciddi ziyan dəyib. Dəyən ziyan cəbhə boyu yerləşən bölgələr üzrə aqrar sektordan da yan keçməyib”.

APA-nın məlumatına görə, bunu "Bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional videokonfransda çıxışında Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib. Onun sözlərinə görə, ümumilikdə 100 mindən çox fermerin həyatına təsir edən bu hücum nəticəsində çoxlu sayda heyvan tələf olub, fermerlərin yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahəsinin biçini məhdudlaşdırılıb, kənd təsərrüfatı texnikaları məhv edilib və suvarma sistemləri dağıdılıb:

“Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlarına müraciət ünvanlayaraq Ermənistanın işğal siyasətini qətiyyətlə qınamağa çağırıb və sözügedən aqressiyanın yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan fəaliyyət olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”.

Nazir bildirib ki, FAO-nun hesablamalarına əsasən, bitki xəstəlikləri dünyada təxminən qida məhsullarının 40%-nin itkisinə səbəb olur. Bu təhdidlər qlobal bitki mühafizəsinin təmin edilməsinin əhəmiyyətini daha da artırır: "Azərbaycanda 4500-dən artıq bitki növü var ki, əsas məqsəd də bu sortları zənginləşdirməklə yanaşı, onların qorunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR