Prezident: "Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır"

Prezident: "Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır"
# 07 yanvar 2021 14:55 (UTC +04:00)

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir.

APA-Economics”in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident bildirib ki, ilk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir.

“Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Kəlbəcər, Laçın rayonlarında çox böyük örüş sahələri, otlaq sahələri vardır. Azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdı. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var. Məsələn, keçən il biz pambıqçılıqda rekord göstəriciyə nail olduq. Xüsusilə nəzərə alsaq ki, 4-5 il bundan əvvəl dövlət pambıqçılıqla ciddi məşğul olmağa başlayanda hektardan məhsuldarlıq təqribən 14-15 sentner idi. Biz yavaş-yavaş məhsuldarlığı 33,5 sentnerə çatdırdıq”, - deyə İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, sovet dövründə xüsusilə pambıqçılığın sürətlə inkişaf etdiyi 1970 və 1980-ci illərin əvvəllərində 2, yaxud 3 il cəmi 30 sentnerdən çox məhsul götürülüb: “Amma bu da son hədd deyil. Çünki mən pambıqçılıqla məşğul olan rayonların siyahısına baxdım. Orada bir neçə rayonda məhsuldarlıq çox aşağıdır və əkin sahələri də çox kiçikdir. Ona görə siz yenidən baxın, misal üçün, indi Samux rayonunda, Cəlilabad rayonunda, bəzi başqa rayonlarda əkin sahələri heç 1 000 hektar da deyil, bəlkə orada, ümumiyyətlə, pambıqçılıq inkişaf etməməlidir, məhsuldarlıq da çox aşağı səviyyədədir. Biz o torpaqları başqa kənd təsərrüfatı sahəsinə çevirə bilərik”.

İlham Əliyev onu da vurğulayıb ki, azad edilmiş torpaqlarda bu işlər planlı şəkildə görülməlidir. Birincisi, ərzaq təhlükəsizliyi üçün. İkincisi, ixrac potensialın artırılması üçün: “Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni, demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq”.

Ölkə başçısı hesab edir ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur.

“Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz. Tərəvəzə gəldikdə, indi istixanalar var. Düzdür, indi burada iqlim şəraiti də var, bizim tərəvəz təbii ki, daha keyfiyyətli və daha ucuzdur. Ancaq, eyni zamanda, ənənəvi bazarlarda bizim tərəvəzimizlə yerli məhsul rəqabət apara bilər. Amma bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz”, - deyə Prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR