Qlobal ərzaq qiymətləri altıillik maksimuma çatıb

Qlobal ərzaq qiymətləri altıillik maksimuma çatıb
# 03 dekabr 2020 16:02 (UTC +04:00)

Dünya ərzaq məhsullarının qiymətləri noyabr ayında kəskin artaraq, təxminən son altı il ərzində ən yüksək həddə çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Qeyd olunub ki, əsas ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri əks etdirən FAO-nun qida qiymətləri indeksinin orta dəyəri noyabr ayında 105 bənd təşkil edib, bu da oktyabr ayına nisbətən 3,9% və 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çoxdur.

Qida qiymətləri indeksi 2014-cü ildən bəri ən yüksək həddə çatıb. Noyabr ayında bütün alt indekslərdə artım müşahidə olunub. Belə ki, dünya ehtiyatlarının kəskin azalması ilə əlaqədar palma yağı qiymətlərində davamlı artım səbəbindən bitki yağının qiymət indeksi ay ərzində 14,5% artıb.

Oktyabr ayı ilə müqayisədə noyabrda FAO-nun taxıl qiymətləri indeksi 2,5%, şəkər 3,3%, ət isə 0,9% artıb. Süd məhsullarının qiymət indeksinin 0,9% artaraq 18 ayın ən yüksək səviyyəsinə çatdığı qeyd olunur.

FAO 2020-ci ildə qlobal taxıl istehsalı ilə bağlı proqnozuna düzəliş edərək göstəricini 2 742 mln. tona endirib. Bu göstərici əvvəlki ilin nəticəsini 1,3% üstələyib.

Təşkilat qlobal ərzaq təhlükəsizliyini təhdid edən amilləri də açıqlayıb. Bunların sırasında COVID-19 pandemiyası, Amerikadakı qasırğalar və Afrikadakı sellər qeyd olunub. Bundan əlavə, 45 ölkənin, həmçinin 34 Afrika ölkələrinin hələ də qida yardımına ehtiyacı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR