Rusiyada yulafın qiyməti tarixi maksimuma çatıb

Rusiyada yulafın qiyməti tarixi maksimuma çatıb
# 04 sentyabr 2020 15:15 (UTC +04:00)

Rusiyada səhər yeməyi və sıyıq hazırlamaq üçün istifadə olunan yulaf yarmasının qiymətləri tarixi maksimuma çatıb. Pərakəndə satış qiyməti əvvəlki mövsümə nisbətən 10%, topdan satış qiyməti isə 30%-dən çox artıb.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, qiymət artımının səbəbləri sırasında Sibirdə əlverişsiz hava şəraitinin olması və yulaf əkin sahələrinin azalması göstərilir ki, Rusiyada yığılan ümumi yulafın 40%-i məhz Sibirin payına düşür.

Aqrar Bazar Tədqiqatları İnstitutunun statistik məlumatlarına görə, avqust ayında yüksək növ yulaf yarmasının alış qiymətləri 1 ton üçün 26,8 min rublu (357 ABŞ dolları) keçib. Halbuki bir il öncə bu göstərici 19,7 min rubl (263 dollar) təşkil edib.

Hazırda Rusiyanın iri müəssisələri yulafın 1 tonunu 11-12 min rubla (147-160 dollar) alır, bir il əvvəl isə həmin yarımanı 9 min rubla (120 dollar) əldə edirdilər.

Qeyd edək ki, Azərbaycan yulaf yarımasını ən çox Rusiyadan idxal edir. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan dəyəri 477,57 min dollar olan 617,96 ton yastılaşdırılmış və ya lopa halına salınmış yulaf idxal edib. Hesabat dövründə ölkəyə ümumi dəyəri 523,93 min dollar təşkil edən 660,12 ton yulaf idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR