AKİA Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq

AKİA Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq
# 01 avqust 2019 11:10 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” tvinninq layihəsinə başlayıb.

"APA-Economics"in məlumatına görə, layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.

Aİ-Azərbaycan tvinninq layihəsinin təqdimatında çıxış edərkən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri həyata keçirib.

"20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq”, - deyə nazir müavini qeyd edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib: "Layihənin müxtəlifliyi ona ətraf mühiti və kəndin mədəni irsini qorumağa imkan yaradacaq. Avropa İttifaqının bu sahədə ən uyğun və yüksək bacarıqlara malik üç ölkəsinin Avropa İttifaqı-Azərbaycan təşəbbüsünə qoşulmasını görməyə çox şadam. Bu layihə kənd təsərrüfatı, kənd inkişafı və qida təhlükəsizliyi sahələrində Aİ-Azərbaycan tərəfdaşlığını davam etdirir və kənd həyat səviyyəsinin yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin yüksəldilməsinə, bazara çıxışı və beləliklə də, ticarət perspektivlərini artırır".

Öz növbəsində, layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bildirib ki, Aqrar sahəyə dövlət dəstəyi bilavasitə kənd yerlərinin inkişafına xidmət edir. Çünki kənd yerində yaşayan insanın həyat səviyyəsi aqrar sahədə məşğulluqla bağlıdır.

“Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” layihəsinin rəhbəri olan Agentlik sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanların güzəştli şərtlərlə satışına tətbiq edilən yeniliklərdən sonra 27 iyun 2019-cu il tarixli Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın da təsdiqlənməsi aqrar sahəyə dövlət dəstəyinin davamlı olacağını nümayiş etdirir. “Subsidiyaların məqsədyönlü və təyinatı üzrə yönləndirilməsinin təşkili qarşımızda duran əsas vəzifədir. Ağıllı alətlərlə idarə edilən subsidiya sistemi həm dövlət vəsaitini qorumağa imkan verəcək, həm də fermerlərə dəstək olaraq, istehsala həvəsləndirəcək”, – deyə M. Əliyev qeyd edib.

Tvinninq layihəsinin məqsədi Avropa İttifaqı Ümumi Kənd Təsərrüfatı Siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda Kənd Yerlərinin İnkişafının Həyata Keçirilməsi üçün Milli Siyasət və Vasitələrin Gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir.

Layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və Kompleks İdarəetmə və Nəzarət Sisteminin hüquqi aspektləri daxil olmaqla, əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR