Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılacaq

Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılacaq
# 27 iyun 2019 19:05 (UTC +04:00)

Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Aqrar Subsidiya Şurası yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.

Şura Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarət olacaq. Şuraya rəhbərliyi kənd təsərrüfatı naziri həyata keçirəcək.

Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edəcək və bu barədə ictimaiyyəti məlumatlandıracaq:

- əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;

- məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;

- toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;

- subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.

Şura müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləyə bilər. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR