ASK sədri: "Kənd təsərrüfatında kreditləşmə səviyyəsi məqbul deyil"

ASK sədri: "Kənd təsərrüfatında kreditləşmə səviyyəsi məqbul deyil"
# 28 sentyabr 2022 17:33 (UTC +04:00)

Kənd təsərrüfatında məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil.

"APA-Economics" xəbər verir ki, bunu “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar" mövzusunda ictimai müzakirə zamanı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayev deyib. Əlavə edib ki, Azərbaycanda 1 sentyabr 2022-ci il tarixinə real sektora kredit qoyuluşlarının ümumi həcmi 19.1 milyard manat olub. Kənd təsərrüfatına ayrılan kreditin ümumi məbləği isə cəmi 598.8 milyon manatdır ki, bu da cəmi kredit qoyuluşunun 3.1%-ni təşkil edir. Məşğul əhalinin işə 35%-i kənd təsərrüfatı sahələrində çalışır.

"Gördüyünüz kimi, məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil. Ona görə də bu sahə ilə məşğul olan iş adamları kreditləşmənin özündə sığorta mexanizminin təkmilləşdirilməsini təklif edirlər. Eyni zamanda, rayonlarda girov qoymada bəzi çətinliklər hələ də qalmaqdadır və kredit verən təşkilatlar məhz şəhərdə daşınmaz əmlak tələb edirlər. Hesab edirik ki, kreditləşmədə sığorta mexanizminin təkmilləşdirilməsi həm də girov probleminin həllinə nail olmağımıza yardım edə bilər", - deyə Məmməd Musayev qeyd edib.

ASK sədri onu da vurğulayıb ki, işğaldan azad edilən torpaqların iqtisadiyyata inteqrasiya olunması gələcəkdə kənd təsərrüfatı üçün prioritet məsələdir.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirmə işlərinin genişləndirilməsi. Banklar, bank olmayan kredit təşkilatları və maliyyə sektorunun digər əməkdaşları ilə sahibkarlar arasında qarşılıqlı əlaqələrinin genişləndirilməsi istiqamətində işlər aparılmalıdır. Bank olmayan kredit təşkilatlarının regionların inkişafına daha çox dəstək olması üçün qanunvericilik aktlarında dəyişikliklər edilməsi məqsədəuyğun olardı", - deyə Məmməd Musayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR