Azərbaycan sitrus meyvələri seqmentində idxalın əvəzetməsini hədəfləyir

Firdovsi Fikrətzadə

© APA | Firdovsi Fikrətzadə

# 17 yanvar 2022 11:47 (UTC +04:00)

Azərbaycanda dövlət tərəfindən tətbiq edilən təşviq mexanizmləri gələcəkdə sitrus meyvələrinin (limon, portağal, mandarin, kivi və s.) idxalının əvəzetməsinə ciddi şəkildə səbəb olacaq.

Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hesablamalar göstərir ki, bu məhsullar üzrə idxalın illik dəyəri bir neçə milyon dollar təşkil edir.

"Bu baxımdan sitrus meyvələrinin idxalının əvəzetməsinə ehtiyac var. Hazırda dövlət tərəfindən hətta sitrus meyvə bağlarının salınmasına investisiya qoyuluşu da subsidiyalaşdırılır. Belə ki, sitrus meyvələrinin hər hektarına birdəfəlik 11 min manatadək subsidiya verilir. Bu, ən yüksək məbləğdir", - deyə F. Fikrətzadə qeyd edib.

Mərkəzin direktoru əlavə edib ki, ölkənin bu sahədə istehsal potensialı artdıqca, Rusiya bazarına da ixrac potensialı artacaq.

"Hazırda Azərbaycan Rusiya bazarına sitrus meyvələri ixrac edir və bu sahədə təcrübə az da olsa, var. Amma hazırda biz bu məhsulları ixracdan daha çox idxal edirik. Subsidiya təşviqi hesabına yeni sitrus meyvə bağları genişləndikcə, bizim həm idxalımız ciddi şəkildə əvəzlənəcək, həm də ixrac göstəricilərimiz artacaq", - deyə D. Fikrətzadə qeyd edib.

Ölkədə kivi istehsalına gəldikdə, F. Fikrətzadə bildirib ki, bu sahədə yerli sahibkarların təcrübəsi özügedən meyvənin istehsalında biznesin səmərəliliyinin əldə olunmasının mümkün olduğunu göstərib: "Ölkədə kivi istehsalı eksperiment səviyyəsindən artıq kommersiya yonümlü istehsal sahəsinə çevrilə bilib. Ona görə də dövlət bu istiqamətdə sahibkarların fəaliyyətini dəstəkləyir".

Xatırladaq ki, bu ildən etibarən salınacaq kivi bağlarına da əlavə olaraq dövlət tərəfindən birdəfəlik subsidiya veriləcək. Salınacaq bağların hər hektarına görə fermerlərə dövlət tərəfindən 9 min manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR