Azərbaycan toxum asılılığını azaldacaq

Azərbaycan toxum asılılığını azaldacaq
# 05 mart 2022 11:40 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yeni "Modern seleksiya və molekulyar biologiya" laboratoriyası fəaliyyətə başlayıb.

Bunu "APA-Economis"ə institutun direktoru Faiq Xudayev deyib.

Onun sözlərinə görə, laboratoriyanın yaradılmasında əsas məqsəd yeni sortların yaradılması, ölkənin toxuma olan tələbatının daxili imkanlar hesabına qarşılanmasıdır.

"Laboratoriyada əsasən seleksiyadan istifadə etməklə yeni sortlarının yaradılmasını planlaşdırırıq. Bu istiqamətdə işlər Adana Tarımsal Araşdırma İnstitutu ilə birgə həyata keçiriləcək. Məqsədimiz molekulyar səviyyədə elmi tədqiqatların aparılması, qlobal iqlim dəyişkənliyi fonunda dövrün tələblərinə cavab verən yeni buğda, arpa, qarğıdalı, noxud, mərcimək və digər sortların yaradılmasıdır. Hədəfimiz bu laboratoriya nəzdində yeni sortları sürətlə yaradıb, müasir texnologiyalar əsasında istehsalata tətbiq etməkdir", - deyə F. Xudayev əlavə edib.

Qeyd edilib ki, klassik üsullarla yeni sortlarının alınması 15 ilədək başa gəlirsə, laborator şəraitdə innovativ üsulların tətbiqi ilə bu, 3-4 ilə mümkün olacaq.

Laboratoriya Almaniya, ABŞ, Avstriya, Çin, İtaliya istehsalı olan xüsusi biotexnoloji cihazlarla təchiz olunub. Bu cihazların köməyi ilə gələcəkdə institutda müəyyən şəraitdə saxlanılan bitki genetik ehtiyatlarının molekulyar markerlər əsasında pasportlaşdırılması, genetik müxtəlifliyinin analizi, genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortlama prosesinin sürətləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR