Bu ilin sonunadək Azərbaycanda daha 11 aqropark açılacaq

Bu ilin sonunadək Azərbaycanda daha 11 aqropark açılacaq
# 01 avqust 2019 10:24 (UTC +04:00)

Azərbaycanda bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir.

APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən İqtisadiyyat Naziri Şahin Mustafayev deyib.

“İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik”, deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 mlrd. manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq.

“Həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 mlrd. manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb”, - deyə nazir əlavə edib.

Ş. Mustafayev onu da əlavə edib ki, artıq sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 mlrd. manat sərmayədən artıq 5,7 mlrd. manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 mlrd. manatlıq məhsul istehsal olunub ki, onun da 300 mln. manatlıq hissəsi ixraca yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR