Azərbaycanda aqrar sığorta müqaviləsi yazılı formada bağlanacaq

Azərbaycanda aqrar sığorta müqaviləsi yazılı formada bağlanacaq
# 04 iyun 2019 12:57 (UTC +04:00)

Azərbaycanda aqrar sığorta müqaviləsi sığortalı və sığortaedici tərəfindən yazılı formada bağlanacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə çıxarılan “Aqrar sığorta haqqında” qanun layihəsində əksini tapıb.

İclasda çıxış edən Milli Məclis Aparatının Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, qanun layihəsinin ilkin variantında aqrar sığorta müqaviləsinin yalnız elektron sənəd formasında bağlanması əksini tapıb. Deputatların təklifi nəzərə alınaraq, qanun layihəsinə dəyişiklik edilib, layihədə aqrar sığorta müqaviləsinin həm yazılı, həm də elektron sənəd formasında bağlana biləcəyi qeyd edilib.

Qanun layihəsinin ilkin variantında qeyd edilib ki, idarəedici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 20 faizindən çox olmamalıdır. İkinci oxunuşda bu göstərici 15 faizə endirilib. Başqa sözlə, idarəedici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR