Azərbaycanda mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır

Azərbaycanda mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır
# 09 sentyabr 2019 16:07 (UTC +04:00)

“Aqrolizinq” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.

"APA-Economics"in məlumatına görə, bunu “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib.

Onun sözlərinə görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

E. Rəhmanov onu da bildirib ki, regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilib.

"Mövsüm qabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabr ayının 10-da Şəmkir rayonun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər", - deyə E. Rəhmanov qeyd edib.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2019-cu il fevral-aprel aylarında azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR