Azərbaycan taxıl sahələrində məhsuldarlığı artırıb

Azərbaycan taxıl sahələrində məhsuldarlığı artırıb
# 01 avqust 2019 11:14 (UTC +04:00)

Bu il Azərbaycanda 1,012 mln. hektar sahəsində taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib.

APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

“Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib.

“Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30% ucuzlaşma baş verib”, - deyə nazir əlavə edib.

İ. Kərimovun sözlərinə görə, artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi fermerlərin əkinlərini planlaşmağa və proqnozlaşdırmağa imkan verəcək.

“Hazırda yeni subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”, - deyə İ. Kərimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR