Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
# 13 yanvar 2022 13:27 (UTC +04:00)

Azərbaycanın yerüstü su ehtiyatlarının 30%-i ölkə ərazisində, 70%-i isə qonşu ölkələrin ərazisində formalaşır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, su balansına əsasən, yerüstü su ehtiyatlarımızın həcmi 36 mlrd. kubmetrdir. Quraqlıq illərində bu rəqəm 22-24 mlrd. kubmetrə qədər azalır.

"Ölkədə təxminən 1,5 mln. hektar ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77,5%-ni əkin torpaqları, 8,6%-ni bağlar, 13,9%-ni isə biçənək yerləri, örüş sahələri, həyətyanı sahələr və s. təşkil edir. Yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi problemlər yaranır. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür", - deyə V. Hüseynov qeyd edib.

O həmçinin əlavə edib ki, son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar.

"Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8-10% azalıb. Ölkəmizdə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur. Bilirsiniz ki, iqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq və su resurslarının deqradasiyasına şərait yaradır", - deyə V. Hüseynov əlavə edib.

Nazirliyin rəsmisinin sözlərinə görə, kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi qaçılmazdır: "Kənd Təsərrüfatı Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Bilirsiniz ki, dövlət müasir suvarma sistemlərindən istifadəni stimullaşdırır, artıq təsərrüfatlarda quraşdırılan damcı sulama və digər müasir suvarma sistemlərinin dəyərinin 40%-i dövlət tərəfindən ödənilir. Eyni zamanda, fermerlər bu ildən suvarma sistemlərinin quraşdırılmasına görə ödənişləri "Fermer kartı"na köçürülmüş subsidiya məbləği hesabına nağdsız şəkildə ödəyə biləcəklər. Bu sahəyə dövlət dəstəyinin genişlənməsi nəticə etibarilə təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına marağı artırıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR