Baş nazir nəticəyönümlü subsidiyaların verilməsinə tərəfdardır

Baş nazir nəticəyönümlü subsidiyaların verilməsinə tərəfdardır
# 18 yanvar 2022 19:27 (UTC +04:00)

Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılması, nəticəyönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

Diqqətə çatdırılıb ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğunu nəzərə alaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır.

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmasının vacibliyi vurğulanıb. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır.

Xüsusilə vurğulanıb ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR