Birgünlük cücələrin Azərbaycana idxalı təhlükəlidir

Birgünlük cücələrin Azərbaycana idxalı təhlükəlidir
# 18 aprel 2022 15:34 (UTC +04:00)

Birgünlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. “APA-Economics” xəbər verir ki, bunu “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə onlayn formatda keçirilən görüşdə çıxış edərkən deyib.
Onun fikrincə, birgünlük cücələrin ölkəyə idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır.
“İşimiz çoxdur, problemlərimiz də var və onların həllində biz dövlət orqanlarından dəstək istəyirik. Çox yaxşı haldır ki, Azərbaycana diri toyuqların idxalı dayandırılıb. Hazırda birgünlük cücələr idxal olunur. Hesab edirik ki, birgünlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır. Çünki hər bir ölkənin özünəməxsus epizotik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən birgünlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var”, - deyə Cavid Abbasov qeyd edib.
Cavid Abbasovun sözlərinə görə, istehsalçıları narahat edən digər məsələ, əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz qiymətə satışıdır.
“Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qida təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”, - deyə Cavid Abbasov əlavə edib.

Görüşdə AQTA rəhbərliyi birgünlük cücələrin ölkəyə idxalının məhdudlaşdırılması, yaxud tamamilə dayandırılması istiqamətində tezliklə müvafiq addımların atılacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR