BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib
# 11 oktyabr 2019 15:02 (UTC +04:00)

“Son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilib, lakin ölkə iqtisadiyyatını şaxələndirmək üçün səylər davam etdirilməli, kiçik fermerlərə dəstək verilməlidir”.

APA-nın məlumatına görə, bunu BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfəri çərçivəsində ilkin müşahidələri və missiya bəyanatının təqdimatına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

H. Elver bildirib ki, Azərbaycanda son illər baş verən devalvasiya və digər amillər iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini daha da artırır: “Qeyri-neft sektorunun inkişafı prioritet seçilib. Ancaq bu istiqamətdə işlər hələ ilkin mərhələdədir. Bu mərhələdə insan hüquqlarına əsaslanan yanaşmanın nəzərə alınması əhəmiyyətlidir. Xüsusən son 2-3 il ərzində kənd təsərrüfatı ilə bağlı yeni strukturlar, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Məqsəd fermerlərə səmərəli dəstək verməkdir. Ancaq kənd təsərrüfatı sahəsində təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə dəstəyi verilməsi və əhalinin bütün təbəqələrinin bundan bəhrələnməsi vacibdir. Bu kimi inkişaf prosesləri getsə, əldə edilən iqtisadi sərvət, gəlirlər əhali arasında bərabər paylaşdırılmayıb. Bir çox dünya ölkəsində də qeyri-bərabərlik yoxsulluğun aradan qaldırılmasına mane olan vacib amildir”.

BMT-nin xüsusi məruzəçisi qeyd edib ki, növbəti 10 ildə qəbul edilən proqramların nəticələrini müşahidə etmək vacibdir: “Xüsusən dövlətin ərzaq məhsulları ilə özünü təmin etməsi zəruridir. Azərbaycanda kiçik fermerlər böyük şirkətlərlə nə dərəcədə rəqabət apara biləcək? Bütün bunlar bu gün aparılan işlərin nəticəsində ortaya çıxacaq. Ölkədə mövcud olan fermer təsərrüfatlarının 90 faizi kiçik fermerlərdir və kənd təsərrüfatı torpaqlarının 85 faizini əhatə edir, 1-3 hektar torpaq sahəsinə malikdirlər. Təəssüf ki, kiçik fermerlər öz aralarında kooperativlər yaratmırlar, bu səbəbdən böyük aqroşirkətlərlə rəqabət apara bilmirlər. Buna görə sahədəki məhsulların qiyməti ilə istehlakçıların süfrəsinə gələn məhsulun qiyməti arasında böyük fərq var. Bu qiymət fərqindən aradakı vasitəçilər bəhrələnirlər. Bir çox halda kiçik fermerlər öz fermer təsərrüfatları hesabına dolanışıqlarını təmin edə bilmirlər. Məhsullarının satış qiyməti fermerlərin dolanışığına imkan vermir, məcburən torpaqlarını satır və başqa sahələrdə iş axtarırlar. Keyfiyyətli toxum, müasir suvarma sistemləri kimi münasib kənd təsərrüfatı avadanlığının əlçatan olmaması kimi problemlər, habelə məhsulun satışı və bazara çıxarılması üçün emal edilməsində çətinliklər var. Eyni zamanda fermerlər kredit və subsidiyaların əldə edilməsi baxımından tez-tez maliyyə çətinlikləri ilə üzləşir. İntensiv kənd təsərrüfatı təşviq edildikcə buna daha çox su resursları tələb olunacaq. Bu amil nəzərə alınmalıdır”.

H. Elver nəzərə çatdırıb ki, Azərbaycanda fermerlərin fəaliyyətini effektiv qurması üçün müasir su sistemlərinə, dövlətin müxtəlif formalı dəstəyinə ehtiyac var: “Hökumət hazırda kənd təsərrüfatı sahəsinin tənzimlənməsi üçün qurumlar, strukturlar yaradır. Bu strukturlar yeni fəaliyyətə başlayır. Mövcud sistem isə səmərəli deyil. Ola bilər ki, yeni qurumlar bir müddətdən sonra səmərəli fəaliyyət göstərsin. Bunun üçün müəyyən müddətə ehtiyac var. Ümid edirəm ki, yeni qurumlar kənd təsərrüfatı sahəsində fermerlərin fəaliyyətinin uğurlu olmasını təmin edəcək. Digər tərəfdən, kənd təsərrüfatında bir sıra problem müşahidə olunur. Bunlardan biri də dəqiq statistik məlumatların olmamasıdır. Bu sahədə yüksək keyfiyyətli dəqiq statistik məlumatların təmin edilməsi yaxşı olardı. Digər struktur çətinlik kənd təsərrüfatında qadınların iştirakı ilə bağlıdır. Qanunvericilikdə qadınların hüquqları qorunur, reallıqda, praktikada isə qadınların bu sahədə fəaliyyətini, rolunu görmək bir qədər çətindir. Struktur problemlərdən biri təhsil və maariflənmə ilə bağlıdır. Kənd təsərrüfatı sektorunda təhsil kifayət səviyyədə deyil. Bu sahəyə əhəmiyyətli sərmayə qoyulması vacibdir”.

Quba və Gəncədə səfərdə olduğunu nəzərə çatdıran xüsusi məruzəçi vurğulayıb ki, ətraf mühitin qorunması, iqlim dəyişmələrinə adaptasiya ilə əlaqədar addımlar atılarkən bunlar kənd təsərrüfatı sahəsi ilə sıx əlaqələndirilməlidir: “Əgər Azərbaycan yaxın gələcəkdə bu struktur problemlərini aradan qaldıra bilərsə, islahatlar nailiyyətlərlə öyünə biləcək”.

H. Elver onu da qeyd edib ki, Azərbaycanda yoxsulluğun səviyyəsini dəqiq hesablamaq üçün daha keyfiyyətli məlumatın toplanmasına və qida, təhsil, səhiyyə, yaşayış yeri ilə bağlı hüquqların təmin olunub-olunmadığını müəyyən etməyə ehtiyac var.

Mətbuat konfransında “Bu tənqidlərin fonunda Azərbaycanda son illər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə olunmuş irəliləyişlərin hökumətin həyata keçirdiyi hansı addımlar və proqramlarla əlaqədar olduğunu araşdırmısınızmı" sualı ilə bağlı H. Elver deyib ki, bu suala dəqiq cavab vermək çətinqdir: “Əlimizdə bu sahədə tam etibarlı məlumat yoxdur. Məlumatların toplanmasında çətinliklə üzləşdik. Mətbuat konfransından əvvəl dövlət nümayəndələri ilə görüşümüz oldu. Dövlət qurumlarının nümayəndələri əldə etdiyimiz rəqəmlərlə razılaşmadılar və bizə dəqiq rəqəmlər təqdim edəcəklərini bildirdilər. Mən belə başa düşürəm ki, dövlət bu sektora əhəmiyyətli sərmayə ayırır. Son illər ümumi daxili məhsulda kənd təsərrüfatının payı artıb. Yəqin ki, kənd təsərrüfatının ÜDM-də çəkisinin artması baxımından atılan addımların təsirini sonra görəcəyik. Çox maraqlı haldır ki, Azərbaycanda əhalinin 47 faizi kənd yerlərində yaşayır, iş yerlərinin 39 faizi fermer, aqroemal sahələrində təmərküzləşib. Bununla belə, kənd təsərrüfatının ÜDM-də payı 6 faizdir. 1995-ci ildən 2005-ci ilə qədər ÜDM-də kənd təsərrüfatının payı 7,7 dəfə artıb. Son illərdə kənd təsərrüfatının ÜDM-də payı bir qədər də yüksəlib. Hökumət bu sahəyə daha artıq vəsait ayırır. Yəqin ki, gələcəkdə kənd təsərrüfatının ÜDM-də payının bir qədər artmasını gözləyə bilərik”.

Qeyd edək ki, BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi ətraflı hesabatını 2020-ci ilin mart ayında Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR