Daşkəsəndə arıçılığın inkişafına dəstək layihəsi icra edilib

Daşkəsəndə arıçılığın inkişafına dəstək layihəsi icra edilib
# 28 aprel 2022 18:47 (UTC +04:00)

"AzerGold” QSC-nin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi”nə yekun vurulub.

​​"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən “AzerGold”un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov layihənin əsas missiyasının Cəmiyyətin hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olduğunu diqqətə çatdırıb.

O, Cəmiyyət tərəfindən mütəmadi olaraq icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək, əhalinin rifah halının yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib. Sədr müavini gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.

Xatırladaq ki, layihənin ilkin mərhələsi çərçivəsində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş təşkil edilib. Layihənin növbəti mərhələsində isə müəyyən edilmiş ehtiyaclar üzrə cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Proqram çərçivəsində parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Eyni zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminar keçirib. Təlimlərdə fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR