Deputat: “Taxıl qıtlığı şəraitində Azərbaycanın qabaqlayıcı addımları vəziyyəti sabitləşdirib”

Rüfət Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Rüfət Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 13 avqust 2022 12:21 (UTC +04:00)

“Dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün strategiyası müəyyənləşib. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibədə bu strategiya barədə geniş məlumat verib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib və dünyada gedən istənilən iqtisadi proseslər, o cümlədən hazırda ərzaq mallarının bahalaşması da bizə təsirsiz ötüşmür. Başqa sözlə, ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır: “Dövlət başçısı bu sahədə görülən işlər barədə geniş danışıb. Məsələn, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Əhalinin artması ilə əlaqədar tələbat artsa da, qida reasionunun dəyişməsi ilə əlaqədar insanlar cürbıcür qida məhsullarından istifadə etsə də, dövlət başçısının müəyyənləşdirdiyi strategiya əsasında növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağına əminik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azərbaycanda bu ilin əvvəlinə buğda ilə təminetmə əmsalının 62 faiz olduğunu xatırladıb: “Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Bunun nəticəsində ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir. Ancaq bu, vaxt tələb edəcək. 3-4 il ərzində bizim özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq. Digər tərəfdən, bu gün təkcə taxılın qiymətindən söhbət getmir, eyni zamanda taxıl qıtlığı yaşanır. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukraynadır, dünyada taxıl ixracatının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə təmin edə bilmirlər. Ancaq dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur. Bütün bu görülən işlər isə Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir. Taxıl qıtlığı və bahalığı şəraitində Azərbaycanın atdığı qabaqlayıcı addımlar vəziyyəti sabitləşdirib".

Rüfət Quliyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparıldığını vurğulayıb: “Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda dövlət başçısının tapşırığı ilə artıq azad edilmiş torpaqlarda vaxt itirmədən minalardan təmizləmə və əkin işləri aparılıb. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük rol oynayacaq. Çünki azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Dövlət başçısının da qeyd etdiyi kimi, vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq. Azad olunmuş ərazilərdə 100 min hektara qədər torpaqda taxıl əkmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR