Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasının elektron monitorinqi aparılacaq

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasının elektron monitorinqi aparılacaq
# 14 oktyabr 2022 18:37 (UTC +04:00)

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları” təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi, tədarük və təchizat agenti Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən hüquqi şəxsdir.

Qərara əsasən, tədarük və təchizat agenti tərəfindən dövriliyinə görə növbəti və növbədənkənar monitorinqlər həyata keçiriləcək. Növbəti monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.

Tədarük və təchizat agenti tərəfindən növbəti monitorinq aparılarkən istehsalçı və satıcıların elektron portala daxil etdikləri məlumatların düzgünlüyü, sənədlərin həqiqiliyi və satınalma şərt və tələblərinə uyğunluğu aşağıdakı istiqamətlər üzrə təhlil edilir:

- qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının müəyyən edilməsi;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə riskli vergi ödəyicisi olub-olmamasının yoxlanılması;

- qida məhsullarının istehsalı sahəsində ən azı 6 (altı) ay, satışı sahəsində isə ən azı 1 (bir) il fəaliyyət göstərməsinin müəyyən edilməsi;

- idxal olunan ərzaq məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda, həmin istehsalçının məhsullarının qida təhlükəsizliyi sertifikatına malik olmasının yoxlanılması;

-yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması;

- təklif etdiyi ərzaq məhsullarının hər növünün saxlanılmasına və daşınmasına uyğun mülkiyyətində və ya istifadəsində anbarın və logistik nəqliyyat vasitələrinin olması barədə məlumatların dəqiqləşdirilməsi (bu barədə məlumat elektron portala daxil edildiyi təqdirdə);

- ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərclər daxil edilməklə ərzaq məhsulları üçün elan edilən qiymətdən yuxarı qiymət təklif edilib-edilməməsinin yoxlanılması.

Tədarük və təchizat agenti bu Qaydalarda göstərilən məlumatları dövlət orqanlarının (qurumların) apardığı elektron informasiya ehtiyatlarında olan açıq məlumatlardan istifadə etməklə təhlil edir, bu mümkün olmadığı halda isə aidiyyəti dövlət orqanlarına (qurumlara) sorğu verir.

İstehsalçı və satıcılara elektron portal vasitəsilə növbəti monitorinqin nəticələrini əks etdirən bildiriş göndərilir.

Tədarük və təchizat agenti istehsalçı və satıcıların müqavilə və satınalma şərtlərinə əməl etmələrinə dair fəaliyyətinin növbədənkənar monitorinqini aşağıdakı əsaslar olduqda aparır:

- satınalan təşkilat tərəfindən müraciət daxil olduqda;

- istehsalçı və satıcıların müqavilə şərtlərini pozmaları elektron portal vasitəsilə aşkar edildikdə;

- istehsalçı və satıcıların satınalma və müqavilə şərt və tələblərini pozmalarına dair konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda.

Bu Qaydada qeyd olunan əsaslardan başqa digər hallarda tədarük və təchizat agenti tərəfindən növbədənkənar monitorinq aparıla bilməz.

Növbədənkənar monitorinqin aparılması ilə bağlı bu Qaydalarla müəyyən edilən əsaslar olduqda 3 (üç) iş günü müddətində tədarük və təchizat agenti tərəfindən monitorinqin aparılması ilə bağlı qərar qəbul edilir. Qərarda növbədənkənar monitorinqin aparılma əsası və üsulu qeyd edilir və bu barədə aidiyyəti üzrə satınalan təşkilata, istehsalçı və satıcıya 1 (bir) iş günü müddətində elektron portal vasitəsilə bildiriş göndərilir.

Növbədənkənar monitorinq aşağıdakı üsullarla aparılır:

- elektron portal vasitəsilə;

-yerində baxış keçirilməklə.

Növbədənkənar monitorinq başlanılmasına dair qərarın qəbul edilməsi ilə bağlı bildiriş təqdim edildiyi gündən 10 (on) iş günü müddətində aparılır.

Monitorinqin nəticələri bütün faktların (halların) aydın və dəqiq şəkildə göstərildiyi protokol ilə rəsmiləşdirilir. Protokolda monitorinqin aparılma əsası və üsulu, monitorinq zamanı aşkar edilmiş faktlara (hallara) dair məlumatlar əks edilməlidir. Protokola göstərilən məlumatları təsdiqləyən və satınalmada iştirakın məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər də əlavə edilir.

Bu Qaydalarda nəzərdə tutulan protokol barəsində monitorinq aparılan istehsalçı və satıcılar üçün növbədənkənar monitorinq zamanı hər bir halda, növbəti monitorinq zamanı isə satınalmada iştirakları məhdudlaşdırıldıqda tərtib edilir.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qərar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və ya yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi məqsədilə hazırlanıb.

Qərarda tədarük və təchizat agenti tərəfindən istehsalçı və satıcıların fəaliyyətlərinin satınalma şərtlərinin uyğunluğuna dair monitorinqlərin aparılması qaydası, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştiraklarının məhdudlaşdırılması nəzərdə tutulur.

Qərarın qəbul olunması ilə kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, habelə tədarük prosesində haqsız rəqabət meyllərinin qarşısının alınmasına, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əlverişli ticarət mühitinin formalaşmasına, aparılacaq monitorinqlər nəticəsində satınalma prosesinin daha da şəffaflaşmasına, elektron müstəvidə monitorinq imkanlarının formalaşdırılmasına, fermerlərin tədarük və təchizat prosesində iştiraklarının stimullaşdırılmasına və daha keyfiyyətli ərzaq məhsullarının istehsalının təşviq edilməsinə imkan yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR