FHN Şəkidə taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib - FOTO

FHN Şəkidə taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib - FOTO
# 21 iyun 2022 13:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə iyunun 21-də Şəki rayonunun Cəfərabad kəndi ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.

APA xəbər verir ki, müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Vaqif İbrahimov, DYNX-nin şöbə müdiri, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, Şəki Şəhər İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafik Məmmədov, Şəki Aqrar İnkişaf Mərkəzinin, Şəki Şəhər-Rayon Polis şöbəsinin, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin, "Aqrolizinq" MMC-nin nümayəndələri, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Məlumat verilib ki, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

Qeyd olunub ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.

Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbindən baş verdiyi məlum olub.

Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Diqqətə çatdırılıb ki, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Müvafiq qanunvericilikdə mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunub. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.

Taxıl yığımında iştirak edən texnika yığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdırlar.

Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR