Gələn il kənd təsərrüfatına ayrılan xərclər açıqlanıb

Gələn il kənd təsərrüfatına ayrılan xərclər açıqlanıb
  • Clock-gray 18:09
  • calendar-gray 18 Oktyabr 2019

Kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2020-ci ilin dövlət büdcəsinin xərclərindən 1 milyard 450 milyon manat vəsait ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Bu, 2019-cu illə müqayisədə 252,2 milyon manat və ya 21,1 faiz çoxdur. Həmin xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 5,4 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,6 faiz-bənd çoxdur.

Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün 447,4 milyon manat, baytarlıq tədbirləri üçün 35,4 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 426,0 milyon manat, kənd təsərrüfatı üzrə təcrübə, tətbiqi tədqiqatlar, digər müəssisə və tədbirlər üçün 12,2 milyon manat vəsait proqnozlaşdırılıb.

Kənd təsərrüfatı, baytarlıq və meliorasiya xərcləri üzrə ayrılmış vəsaitin 5,0 milyon manatı kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması və Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması ilə bağlı xərclərə, 330,0 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərə, 97,7 milyon manatı kənd təsərrüfatı sahəsində Dövlət Proqramlarına və digər tədbirlərə dövlət dəstəyi ilə bağlı xərclərə, 7,3 milyon manatı fitosanitar və toxum nəzarəti, bitki sortlarının qeydiyyatı ilə bağlı xərclərə yönəldiləcək.

Yeni subsidiya mexanizminin tətbiqinə müvafiq olaraq fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində Dövlət Proqramlarının və digər tədbirlərin maliyyələşdirilməsi məqsədilə müvafiq məbləğdə vəsait proqnozlaşdırılır.

Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 2020-ci ilin dövlət büdcəsində əlavə olaraq 112,9 milyon manat vəsait nəzərdə tutulub. 2020-ci ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 12,2 milyon manat təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 1,1 milyon manat və ya 9,6 faiz çoxdur.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date