Hesablama Palatası: Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var

Hesablama Palatası: Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var
# 03 iyun 2019 17:13 (UTC +04:00)

​Toxumçuluğa verilən subsidiyalarla bağlı Qaydaların köklü surətdə dəyişdirilməsi zərurəti var.

ONA-nın məlumatına görə, bu barədə Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Rəyində qeyd edib. Bildirilib ki, taxıl məhsulunun tərkibi olan buğda və arpa eyni dərəcəli məhsullar olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nda buğda və arpa toxumunun istehsal edilərək satışına görə eyni məbləğdə (1-ci reproduksiyalı taxıl toxumuna hər kq-a satış qiymətinin 40%-i həcmində, lakin 0,10 manatdan çox olmamaq şərtilə, 2-ci reproduksiyalı taxıl toxumuna hər kq-a satış qiymətinin 30%-i həcmində, lakin 0,07 manatdan çox olmamaq şərtilə) subsidiya ödənilməsi müəyyən edilmiş və hazırkı vaxtadək bununla bağlı dəyişiklik olunmamışdır. Hətta digər növ kənd təsərrüfatı bitkilərindən fərqli olaraq buğda və çəltik əkini üçün yanacaq və motor yağlarına görə subsidiya ilə yanaşı hər hektara 40,0 manat əlavə dövlət yardımı verilir. Bununla yanaşı, Rəydə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda buğda əkin sahəsinin xüsusi çəkisi (payı) 2016-2018-ci illərdə müvafiq olaraq 36,3%, 35,6% və 39,1%, arpa əkin sahəsinin xüsusi çəkisi (payı) isə 2016-2018-ci illərdə müvafiq olaraq 21,8%, 19,1% və 19,1% təşkil etdiyi qeyd olunub.

​Aparılmış təhlillərə əsaslanaraq Hesablama Palatası vurğulamışdır ki, bir çox hallarda toxumçuluq təsərrüfatlarında yetişdirilmiş 1-ci reproduksiyalı toxumlar toxumçu olmayan təsərrüfatlara (subyektlərə) satılmış və buna görə dövlət büdcəsindən subsidiyalar ödənilmiş, bu isə toxumçuluğun mərhələlər üzrə istehsalının artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərməklə toxumçuluğun prinsiplərinə uyğun gəlmir və dövlət büdcəsindən bu sahəyə yönəldilmiş vəsaitlərin nəticəliliyini aşağı salır.

​Eyni zamanda, Hesablama Palatası təsərrüfatlara dövlət büdcəsindən subsidiya ödənilməsi üçün toxumçuların becərdiyi (əkdiyi) torpaq sahəsinin sənədlərinin və 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin yetişdirilərək satılması üzrə ödəniş sənədlərinin tələb olunmamasının bu sahədə sui-istifadə hallarının yaranmasına yol açdığı, mexanizmin səmərəliliyinə və dövlət büdcəsindən ayrılmış müvafiq vəsaitlərin (subsidiyaların) nəticəliliyinə mənfi təsir göstərdiyi qənaətindədir.

​Hesablama Palatasının rəyində bu amillər nəzərə alınaraq həmin Qaydaların müasir dövrün tələblərinə köklü surətdə uyğun dəyişdirilməsi tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR