IX Qlobal Bakı Forumunda yoxsulluq və kənd təsərrüfatına dair müzakirə aparılıb - FOTO

IX Qlobal Bakı Forumunda yoxsulluq və kənd təsərrüfatına dair müzakirə aparılıb - FOTO
# 18 iyun 2022 14:20 (UTC +04:00)

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Liberal İnternasionalın prezidenti Hakima El Haite olub.

Paneldə onlayn çıxış edən ABŞ-ın Romadakı BMT qurumları yanındakı Daimi Nümayəndəsi Sindi Makkeyn 40 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini söyləyib. Sindi Makkeyn iqlim dəyişikliyi ilə mübarizənin aparılmasının da zəruri olduğunu vurğulayıb.

Paneldə Azərbaycanda kənd təsərrüfatına dair süjet təqdim olunub. Daha sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, Azərbaycan artıq kənd təsərrüfatının inklüziv inkişaf yolunu seçib: “Biz qlobal ekosistemin bir hissəsiyik. Bu da maraqlı tərəflərin bir araya gəlməsini tələb edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında qeyd edildiyi kimi, su resurslarının qıtlığı bir çox ölkələr kimi Azərbaycanın da təcili tədbirlər görməsini tələb edir”.

Nazir qeyd edib ki, gənc nəslin kənd təsərrüfatı sahəsinə cəlb edilməsi vacibdir: “Heç bir ölkə ayrıca kənd təsərrüfatının inklüziv inkişafına nail ola bilməz”.

İnam Kərimov nəzərə çatdırıb ki, son texnologiyalar sayəsində sudan səmərəli, qənaətlə istifadə etmək olar: “Azərbaycanda suvarma sahəsində itkilərə yol verilir. Hökumət müasir suvarma sisteminin yenilənməsi üçün vəsait ayırır. Hansına fermer suvarma sistemini yeniləmək istəyirsə, bunun üçün tələb olunan vəsaitin 40 faizini dövlət üzərinə götürür, fermerlər 20 faiz ilkin ödəniş edir, qalan 40 faiz vəsait isə faizsiz kredit kimi fermerə verilir. Su təsərrüfatının idarə edilməsi problemi hər bir ölkənin qarşısında durur. Avropa İttifaqının timsalında görürük ki, bu sahədə ölkələr birlikdə çalışmalıdırlar”.

Liberal İnternasionalın prezidenti Hakima El Haite Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Afrikada 50 milyona qədər insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini nəzərə çatdırıb.

Mavritaniyanın sabiq Prezidenti (2015-2018-ci illər) Amina Qurib-Fakim Afrikada istehsal edilən məhsulların 70 faizinin xırda istehsalçıların payına düşdüyünü söyləyib: “Biz istehsalın necə artırılması barədə düşünməliyik. Digər tərəfdən, Afrikada gənclərin 55 faizi qitəni tərk etmək istəyir və bu da diqqət çəkməyə bilməz. Ukraynada baş verən proseslər Afrikaya təsir göstərəcək. Onu da deyim ki, Afrikada kənd təsərrüfatı sahəsində əsasən qadınlar çalışırlar. Ancaq texnologiya problemləri var. Əgər fermerlərin kapital və texnologiyaları çıxışı təmin olunsa, kənd təsərrüfatının sürətli inkişafına nail olmaq mümkündür”.

Dünya Ərzaq Fondunun Prezidenti Barbara L. Stinson Azərbaycana ilk dəfə səfər etdiyini və çox nikbin olduğunu söyləyib: “Dünya Ərzaq Fondu dünyada bu sahədə problemlərin həllinə töhfə verməyə çalışır”.

Liberal İnternasionalın prezidenti Hakima El Haite Ukraynadakı müharibənin təsirlərinin Afrikaya çatdığını vurğulayıb: “Biz artıq suvarma və kənd təsərrüfatı sahəsində qlobal transformasiyaya keçməliyik”.

Mavritaniyanın sabiq Prezidenti (2015-2018-ci illər) Amina Qurib-Fakim kənd yerlərində yaşayan fermerlərə dəstəyin artırılması və gənclərin kənd təsərrüfatı sahəsinə yönəldilməsinin vacib olduğunu vurğulayıb: “Afrikada qadınların torpağı çiynində uşaqlarla becərdiyini görürük. Yeni texnologiyalar bu sahəyə cəlb olunmalıdır. Texnologiya və innovasiyalar bu sahədə məhsuldarlığı da artıracaq”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR