Azərbaycanda aqrar məhsulların saxlanılması üçün alınan soyuducu və texnoloji avadanlıqlara güzəşt tətbiq ediləcək

Azərbaycanda aqrar məhsulların saxlanılması üçün alınan soyuducu və texnoloji avadanlıqlara güzəşt tətbiq ediləcək
# 22 iyul 2019 13:09 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

APA-Economics”in məlumatına görə, qərara əsasən, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların sayı artırılıb.

Beləliklə, kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq - Meyvə-tərəvəz və kartof üçün soyuducu anbar dəstləri, soyuducu anbar üçün texnoloji avadanlıqlar və heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiqlənib. Agentliyin vəsaitlərindən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər.

Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:

- 5 000 manatadək – mikrokreditlər;

- 5 001 manatdan 30 000 manatadək – kiçik həcmli kreditlər;

- 30 001 manatdan 100 000 manatadək – orta həcmli kreditlər;

- 100 001 manatdan 200 000 manatadək – iri həcmli kreditlər;

-1 000 000 manatadək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.

Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- mikrokreditlər üçün – 2 ilədək;

- kiçik və orta həcmli kreditlər üçün – 3 ilədək;

- iri həcmli kreditlər üçün – 5 ilədək.

Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:

- mikrokreditlər üçün – 12 ayadək;

- kiçik və orta həcmli kreditlər üçün – 18 ayadək;

- iri həcmli kreditlər üçün – 24 ayadək.

Kredit müddəti güzəştli şərtlərlə alınan kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

- texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20%-i həcmində müəyyən edilir;

- idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40%-i həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycanın dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

- texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu Qaydaya uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR