Nazir: "Kənd təsərrüfatı məhsulları istehsalında 22,3 faiz artıma nail olmuşuq"

Nazir: "Kənd təsərrüfatı məhsulları istehsalında 22,3 faiz artıma nail olmuşuq"
# 06 may 2022 16:46 (UTC +04:00)

"2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3 faiz artıma nail olmuşuq. Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir".

"APA-Economics" xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına gedir: "Hökumət həmçinin, öz siyasətini rəqəmsal kənd təsərrüfatı transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin ayrılmaz hissəsidir".

Nazir həmçinin qeyd edib ki, istifadəyə verilmiş Rəqəmsal Xidmət Sistemi şəbəkəsi məlumatlara əsaslanan qərar qəbul etmə və proqnozlaşdırma siyasətini asanlaşdırır: "Bizim inkişaf siyasətimiz həm də şəhər və kənd yerlərində rəqəmsal fərqi azaltmağa yönəlmişdir. Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür. Bu ərazilərin inkişafı da ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasına əsaslanır. Bundan əlavə, bu ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq".

İnam Kərimov onu da deyib ki, iqlim dəyişikliyi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək, 2050-ci ilə qədər təxminən 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır: "2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması ilə 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz azalıb. Azalma tendensiyasına baxmayaraq, bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR