Nazir müavini: “Azərbaycanda 80 mindən artıq qadın fermer var”

İlhamə Qədimova

© APA | İlhamə Qədimova

# 25 yanvar 2022 12:10 (UTC +04:00)

“İşğaldan azad edilmiş torpaqlarımızda ilk fermer təsərrüfatları quranlar arasında qadınlarımız da var”.

APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, torpaqlar azad olunan kimi əkin potensiallı ərazilərin müəyyən edilməsi, həmin ərazilərin minalardan təmizlənməsi prosesinə start verilib: “Azad olunmuş ərazilərdə xüsusilə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Nazir müavini nəzərə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində görülən işlərdə qadınlar aktiv iştirak edib: “30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq insanlarımızın kənd təsərrüfatında aktiv iştirakı nəzərdə tutulur. Aqrar sahədə aparılan islahatların əsas hədəflərindən biri də fermerləri sahibkara çevirməkdir. Fermerlər ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində iştirak edən əsas tərəfdir. Ölkədə 80 mindən artıq qeydiyyatdan keçmiş qadın fermer var. Onların təcrübəsi azad olunmuş ərazilərin iqtisadi baxımdan inkişafında mühüm rol oynaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR