Nazirlik: 17 min hektar kənd təsərrüfatı torpağı tikililər altındadır, həmin evlərin sənədləşməsinə tərəfdarıq

Nazirlik: 17 min hektar kənd təsərrüfatı torpağı tikililər altındadır, həmin evlərin sənədləşməsinə tərəfdarıq
# 26 yanvar 2023 12:47 (UTC +04:00)

"Azərbaycanda 17 min kənd təsərrüfatı təyinatlı torpaq tikililər altındadır. Biz bu torpaqların sənədləşməsinə icazə verilməsinin tərəfdarıyıq".

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

Firudin Tağıyev deyib ki, balansda bu torpaqlar kənd təsərrüfatı təyinatlı olsa da, üzərində evlər tikilib: “Biz bu torpaqların sənədləşməsinə icazə verilməsinin tərəfdarıyıq. Bu problemlərin kökü bələdiyyələr və icra hakimiyyətləri ilə bağlıdır. 2007-ci ildə bələdiyyələrin bu sahədə səlahiyyəti dondurulub. Ancaq rayon icra hakimiyyətləri bu gün də həmin torpaqlarda tikilən evlərə icazə verirlər”.

Firudin Tağıyev qeyd edib ki, nazirlik subsidiyaların ünvanlı çatdırılmasında maraqlıdır: “Məsələn, 1 sentyabrdan payızlıq əkinlərinin bəyanları başlayır. Bu dövrdə gecikmədə də ola bilir. 632 min fermerin 1000, 2000-i gecikirsə, şikayət ola bilər, bunu da başa düşürük. Dövlətin fermerə ayırdığı vəsaitin səmərəli istifadəsi üçün son 2 ildə kifayət qədər şəffaflaşmağa gedilib və bu sahədə addımlar davam edəcək”.

O qeyd edib ki, suvarma sahəsində də problemlər var: “Biz su ilə bağlı kritik bir ölkə sayılırıq, suyumuzun 70 faizi kənardan formalaşır. Müvafiq Komissiya yaradılıb, ayda 2 dəfə komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə iclasda oluruq. 10 yeni su tutarının yaradılması layihəsi var, ikisi artıq təsdiqlənib”.

Firudin Tağıyev nəzərə çatdırıb ki, dövlət aktları ilə verilən torpaqlarda koordinatlarda müəyyən sürüşmələr var: “2025-ci ilə qədər bu məsələ həllini tapacaq”.

Qiymətlərin bahalaşmasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, kənd təsərrüfatı nazirliyi bu istiqamətdə işlər görür: “Əsas asılılığımız ərzaqlıq buğda ilə bağlıdır. Fermerlər müasir suvarma sahəsi yaradarsa, buğdanın hər tonu üçün əlavə 100 manat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR