Taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib - FOTO

Taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib - FOTO
# 20 iyun 2022 13:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Qəbələ rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov, DYNX-nin şöbə müdiri, daxili xidmət polkovnik-leytenanti Cəmil Xudiyev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Qəbələ Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rahib Əhmədov, Qəbələ rayon Polis şöbəsinin, rayon Prokurorluğunun, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin, "Aqrolizinq" MMC-nin nümayəndələri, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.

Məlumat verilib ki, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı, meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

Qeyd edilib ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.

Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olub.

Diqqətə çatdırılıb ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Qeyd edildiyi kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk növbədə xüsusi olaraq qeyd olunub ki, müvafiq qanunvericilikdə mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunub. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.

Taxıl yığımında iştirak edən texnika yığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdırlar.

Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanının əməkdaşı ilə birgə yoxlanılmalıdır.

Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.

Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdolduran maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdir.

Seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR