İmran Xan Pakistanı tərk etmək niyyətində deyil

Imran Xan

© APA | Imran Xan

# 26 may 2023 13:39 (UTC +04:00)

Pakistanın sabiq Baş naziri İmran Xan bildirib ki, Pakistanı tərk etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə Pakistanın “Geo News” xəbər kanalı məlumat yayıb.

Qeyd olunub ki, müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) bəzi liderləri son 3 gün ərzində ölkəni tərk etməyə cəhd ediblər və onlar hava limanlarında saxlanılıblar.

Həmçinin əlavə olunub ki, müxalifət lideri, Pakistanın sabiq Baş naziri İmran Xanın adı da ölkədən çıxışı qadağan edilən siyasətçilərin siyahısında yer alır.

Qeyd edək ki, İmran Xana qoyulan qadağaya səbəb 9 may tarixində, onun həbsindən sonra Pakistanda baş verən və 10-a yaxın insanın həyatına son qoyan iğtişaşları təşkil etməkdə şübhəli bilinməsidir.

Xatırladaq ki, İmran Xan mayın 9-da həbs edilib, bunun ardınca 11 mayda Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz elan edib və Xan girov müqabilində azad edilib.

İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR