Hindistan biznesmenləri İrana ixracı dayandırıblar

Hindistan biznesmenləri İrana ixracı dayandırıblar
# 06 mart 2021 15:11 (UTC +04:00)

Hindistanın iş adamları İran İslam Respublikasına ixracı dayandırıblar.

APA-nın Tehran bürosunun məlumatına görə, Hindistanın xarici ticarət rəsmiləri açıqlamasında hindistanlı sahibkarların iranlı müştərilərlə düyü, şəkər və çay kimi malların satılması üçün yeni müqavilələr imzalamağı dayandırdıqlarını bildiriblər. Bunun səbəbi İranın rupi ehtiyatlarının azalmasıdır. Məlumata əsasən, qlobal ticarət şirkətlərindən birinin direktorunun sözlərinə görə, ixracatçılar İranla ticarət etməkdən imtina edirlər, çünki ödəmələr aylarla gecikir.

Açıqlamada deyilir ki, İranın UCO və IDBI banklarındakı rupi ehtiyatları "xeyli azalıb və ixracatçılar yeni tədarüklərin dəyərinin vaxtında ödəniləcəyinə əmin deyillər".

Qeyd edək ki, ABŞ sanksiyaları üzündən İran neft ticarətində ABŞ dollarından istifadə edə bilmir. İran əvvəllər Hindistana neft satışı qarşılığında bu ölkədən istehlak malları, o cümlədən kənd təsərrüfatı və qida məhsulları idxal edirdi. Lakin ABŞ-ın sanksiyalardan azad olma müddəti bitdikdən sonra, Hindistan 2019-cu ilin mayında İrandan neft alışına son verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR