Hindistanda nəhəng qızıl yatağının aşkarlanması barədə məlumat təkzib edilib

Hindistanda nəhəng qızıl yatağının aşkarlanması barədə məlumat təkzib edilib
# 23 fevral 2020 06:24 (UTC +04:00)

Hindistan Geoloji Araşdırmalar Xidmətinin rəhbəri Em Sridhar geoloqların Hindistanın şimalında təxminən 3 min ton ehtiyatı olan iki nəhəng qızıl yatağı aşkarlaması barədə məlumatları təkzib edib.

APA “TASS”-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə “PTI” xəbər agentliyinə bildirib.

“Xidmətdən heç kim belə bir məlumat verməyib. Hindistanın Geoloji Araşdırmalar Xidməti Sonbhadra bölgəsindəki yataqlarda belə böyük qızıl ehtiyatlarının olması barədə qiymətləndirmə verməyib”, - deyə Sridhar bildirib.

O qeyd edib ki, adı çəkilən ərazidə 1998-1999 və 1999-2000-ci illərdə kəşfiyyat işləri aparılıb. Əldə olunan məlumatlar qeyri-qənaətbəxş olub. Geoloqların fikrincə, filiz ehtiyatları təxminən 52,8 min ton, qızıl tərkibi isə hər tonda 3,03 qram təşkil edib. Ümumilikdə isə 3 min ton deyil, 160 kq qızıl aşkar olunub.

Qeyd edək ki, bundan əvvəl “PTI” agentliyi Uttar Pradeş əyalətinin geoloji xidmətinin işçisinə istinadən xəbər vermişdi ki, Sonbhadra rayonunda ümumi dəyəri 167 milyard dollar olan və 3 min ton qızılın olduğu iki qızıl yatağı aşkar edilib. Bu, Hindistanın hazırkı qızıl ehtiyatı ilə müqayisədə, demək olar ki, beş dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR