Honkonqda etirazlar zamanı 400 nəfər saxlanılıb

Honkonqda etirazlar zamanı 400 nəfər saxlanılıb
# 01 yanvar 2020 22:12 (UTC +04:00)

Honqkonqda yeni ildə keçirilən ilk hökumət əleyhinə mitinq zamanı 400 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə France Presse” agentliyi Honkonq polisinə istinadən məlumat yayıb.

Polisin bildirdiyinə görə, tutulanların hamısı qanunsuz toplaşmaqda və silah saxlamaqda ittiham olunur. Bildirilir ki, Honkonqda 2020-ci ilin ilk nümayişində 1 milyondan çox insan iştirak edib. Buna qədər on minlərlə nümayişçinin hökumət əleyhinə mitinqdə iştirak etdiyi bildirilirdi.

Rəsmilər tədbirin əvvəlcədən razılaşdırılmış bir marşrut boyunca, dinc və iğtişaşsız davam etməsi şərti ilə keçirilməsinə icazə veriblər. Ancaq bəzi nümayişçilər “HSBC” Bankın filiallarına hücum etdikdən və polis toqquşma zamanı gözyaşardıcı qazdan istifadə etdikdən sonra dinc nümayiş ciddi xaosa çevrilib. Bundan sonra polis təşkilatçılardan aksiyanı dayandırmağı tələb edib.

Qeyd edək ki, nümayişçilər əvvəlki etirazlar zamanı polislərin yol verdiyi zorakı hərəkətlərin müstəqil araşdırılmasını, həbs edilənlərə amnistiya verilməsini və rayon rəhbərliyi üçün ümumi birbaşa seçkilərin keçirilməsini tələb edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR