İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcək

İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcək
# 04 fevral 2020 13:13 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin ailəsi onun öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır.

“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR