İranda hakimiyyətə dəstək yürüşü keçirilib

İranda hakimiyyətə dəstək yürüşü keçirilib
# 25 noyabr 2019 18:57 (UTC +04:00)

Bu gün İranın paytaxtı Tehranda son günlər baş vermiş iğtişaşların əleyhinə və ölkədə sabitliyi dəstəkləmək məqsədilə izdihamlı küçə yürüşü keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, yürüşdə ölkədə baş vermiş iğtişaşlar zamanı ABŞ-ın düşmənçilik mövqeyi pislənilib, iğtişaşlar vaxtı etirazçıların hərəkətlərindən narazılıq ifadə olunub.

Yürüş iştirakçıları qarşısında çıxış edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami deyib ki, SEPAH-ın və İran ordusunun qarşısında heç bir qüvvə tab gətirə bilməz.

O bildirib ki, İran xalqı düşmənləri üzərində qələbə çalıb: “Bu gün düşmənə son zərbə vuruldu. Son günlər baş vermiş fitnə ötən 40 il ərzində, xüsusi ilə də son 8 ayda müxtəlif sahələrdə düşmənin uğursuzluqlarının ən ağırı idi”.

H. Salami ABŞ, İsrail, Böyük Britaniya və Səudiyyə Ərəbistanını hədələyib.

“Biz indiyədək nəciblik göstərmişik. Lakin ehtiyatlı olun, bizim də səbrimizin sonu var. İran xalqına hörmət edin və ədəbli olun!”, - deyə SEPAH-ın komandanı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR