İranda parlament seçkilərində 7 mindən çox namizəd rəqabət aparacaq

İranda parlament seçkilərində 7 mindən çox  namizəd rəqabət aparacaq
# 20 fevral 2020 14:21 (UTC +04:00)

İranda parlament seçkilərində 290 deputat yeri uğrunda 7 mindən çox namizəd rəqabət aparacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Seçkilər Qərargahının sədri Camal Ürf bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, seçkilər 208 dairə və 54 mindən çox məntqədə həyata keçiriləcək. Eləcə də dini azlıqlar üçün 5 xüsusi dairədə seçki təşkil olunacaq.

İranda 57 milyon 918 min nəfərin səsvermə hüququna malik olduğunu deyən C.Ürf bildirib ki, 11-ci çağırış parlament seçkilərində ölkə əhalisinin orta hesabla 63 faizi iştirak edəcək.

Qeyd edək ki, İranda 11-ci çağırış parlament seçkiləri, eləcə də 5-ci çağırış Xobreqan Ekspertlər Məclisi seçkiləri sabah keçiriləcək.

Son məlumata görə, Üsulgəra düşərgəsindən İnqilabçı Qüvvələr Koalisiyası və İslami İnqilabı Sabitlik Cəbhəsi Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın başçılığı ilə müştərək siyahı haqqında razılıq əldə ediblər. Bu düşərgənin seçkilərdə qələbə qazanmaq şansının daha çox olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR