İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma halları artıb

İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma halları artıb
  • Clock-gray 22:26
  • calendar-gray 02 Mart 2021

İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma və ölüm halları kəskin artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Qərbi Azərbaycan Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rektoru Cavad Ağazadə bildirib.

“Son 24 saatda vilayət üzrə COVID-19-a yoluxmadan 9 ölüm və 100-ə yaxın stasionar müalicəyə alınma halı qeydə alınıb ki, bu da əvvəlki günlərə nisbətən əhəmiyyətli artım olduğunu göstərir”, - Cavad Ağazadə belə deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma nəticəsində vilayətdə vətəndaşların ölüm prosesi davam edib və son sutkada daha 9 nəfərin həyatını itirməsi ilə Qərbi Azərbaycanda virusdan ölümlərin ümumi sayı 3645 nəfərə çatıb: “Son 24 saat ərzində Qərbi Azərbaycanda vəfat edən doqquz nəfərin üçü Urmiya, üçü Xoy, ikisi Miandoab və bir nəfər isə Bukana sakini olub”.

Tibb Universitetinin rektorunun sözlərinə görə, ötən gün ərzində Qərbi Azərbaycanda, həmçinin koronavirusa yoluxan xəstələrin sayına 307 nəfər və xəstəxanaya yerləşdirilənlərin sayına 100 nəfər əlavə edilib və Qərbi Azərbaycanda COVID-19-a yoluxan xəstələrin sayı 114 258-ə yüksəlib.

“Hazırda 490 nəfər kəskin tənəffüs sindromu diaqnozu ilə vilayətin tibb mərkəzlərinə yerləşdirilib ki, onlardan 252-si şübhəli və 238-i də COVID-19-a dəqiq yoluxanlardır”, - deyə Ağazadə qeyd edib.

Süleyman Fərzəliyev

Digər xəbərlər