İraq parlamentində siyasi fraksiyalar konsensusa gələ bilmir

İraq parlamentində siyasi fraksiyalar konsensusa gələ bilmir
# 12 dekabr 2019 05:26 (UTC +04:00)

İraqın Nümayəndələr Şurası (Parlament) çərşənbə günü yeni seçki qanununun qəbulunu qeyri-müəyyən müddətə təxirə salıb.

APA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, deputatlar tərəfindən təsdiqlənməyən qanun layihəsi İraqda erkən parlament seçkilərinin keçirilməsini özündə əks etdirir.

“Fəth” siyasi alyansının nümayəndələri açıqlayıb ki, qanunvericilik komitəsi qanun layihəsini tam təqdim etməyib və nəticədə səsvermə baş tutmayıb.

Bundan əlavə, “Bağdad əl-Yum” nəşrinin yazdığına görə, parlamentdəki siyasi fraksiyalar əyalət seçki dairələri qanununun müəyyən maddələri ilə bağlı konsensusa gələ bilmirlər.

Şiə lideri Müktədə əs-Sədrin “Sairun” blokunun üzvü, millət vəkili Sabah al-Saadinin sözlərinə görə, millət vəkilləri qanun layihəsinin təsdiqlənməsi üçün iclasın başlanması məsələsini bir neçə saat müzakirə etsə də, müsbət nəticə əldə edilməyib. O, qeyd edib ki, siyasi qüvvələr İraq xalqının tələblərinə məhəl qoymur.

Qanun layihəsinin müzakirəsi zamanı Bağdadın mərkəzindəki "Təhrir" Meydanında minlərlə vətəndaşın iştirakı ilə hökumət əleyhinə mitinq isə davam edib. Aksiya iştirakçıları parlamentin buraxılmasını və yeni hökumətin yaradılması üçün erkən seçkilərin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bu ilin oktyabr ayının əvvəlindən İraqda yaşayış şəraitinin pisləşməsi, gənclərin işsizliyi və korrupsiyaya qarşı etirazlar başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR