Myanmada son sutkada etiraz aksiyalarının dağıdılması zamanı 38 nəfər ölüb

Myanmada son sutkada etiraz aksiyalarının dağıdılması zamanı 38 nəfər ölüb
# 15 mart 2021 01:39 (UTC +04:00)

Bazar günü Myanmanın müxtəlif şəhərlərində hərbçilər əleyhinə keçirilən nümayişlərin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılması zamanı azı 38 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Cəmiyyəti məlumat yayıb.

Cəmiyyətin hesablamalarına görə, hərbçilər hakimiyyətə gəldikdən sonra “etiraz aksiyalarının sərt şəkildə dağıdılması nəticəsində 126 nəfər öldürülüb, bu gün isə azı 38 nəfər”. Hüquq müdafiəçiləri ölənlərinin həqiqi sayının daha çox ola biləcəyini istisna etmir. Xəsarət alanlara gəlincə, təhlükəsizlik qüvvələri tərəfindən xüsusi vasitələrdən istifadə zamanı gün ərzində təxminən 80 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“14 mart tarixinədək 2156 nəfər saxlanılıb. Barəsində həbs qərarı verilmiş üç nəfər də daxil olmaqla, ümumilikdə 1837 məhbus hələ də nəzarət altındadır”, - hesabatda belə deyilir.

Cəmiyyətin əldə etdiyi rəsmi siyahılar bazar günü yalnız 23 nəfərin nəzarətə alındığını göstərir. Eyni zamanda, cəmiyyətin öz məlumatlarına görə, gün ərzində ölkə üzrə təxminən 100 nəfər həbs olunub.

Həmçinin dövlətə məxsus “MRTV” telekanalı xəbər verib ki, Yanqon şəhəri ərazisində nümayişçilərin təhlükəsizlik qüvvələrinə qarşı silah işlətməsi nəticəsində iki polis əməkdaşı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR