Pakistanla Hindistan Kəşmir sərhədində atəşkəsə dair razılıq əldə edib

Pakistanla Hindistan Kəşmir sərhədində atəşkəsə dair razılıq əldə edib
# 25 fevral 2021 13:57 (UTC +04:00)

Pakistan və Hindistan hərbçiləri mübahisəli Kəşmir bölgəsindəki sərhəddə atəşkəsə ciddi şəkildə riayət edilməsi barədə razılığa gəliblər.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusu məlumat yayıb.

Məlumatda bildirilib ki, hər iki ölkənin hərbi əməliyyatlara cavabdeh şəxsləri arasında danışıq olub.

Hər iki tərəf cümə günü gecə yarısından etibarən nəzarət xətti və digər ərazilər boyunca bütün razılaşmalara, anlaşma və atəşkəslərə ciddi şəkildə əməl olunması barədə razılıq əldə edilib.

Əlavə olunub ki, tərəflər arasında baş tutan danışıqlar sərbəst və səmimi bir şəraitdə keçib.

Qeyd edək ki, nəzarət xəttində (LoC) atəşkəs 2003-cü ildən bəri tətbiq olunur, lakin atəşkəs hər iki tərəf tərəfdən tez-tez pozulur.

Pakistan XİN ötən il Hindistanın atəşkəsi pozması nəticəsində Pakistanın idarəsi altında olan Kəşmirdə ən azı 28 mülki vətəndaşın həlak olduğunu, 257 nəfərin isə yaralandığını bildirib. Pakistan tərəfi bu il yanvarın 1-dən bəri Hindistan silahlı qüvvələrinin atəşkəsi ən az 175 dəfə pozduğunu və nəticədə 8 mülki şəxsin yaralandığını bəyan edib.

Hindistanın Daxili İşlər Nazirliyi isə 2020-ci ildə Pakistanın nəzarət xətti boyunca atəşkəs rejimini ən azı 5133 dəfə pozduğunu, nəticədə 22 mülki şəxsin və 24 əsgəri öldüyünü, 197 nəfərin yaralandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR