Türkiyə Prezidenti Azərbaycan ilə Türkiyə arasında media sahəsində Anlaşma Memorandumunu təsdiqləyib

Türkiyə Prezidenti Azərbaycan ilə Türkiyə arasında media sahəsində  Anlaşma Memorandumunu təsdiqləyib
# 20 mart 2021 13:11 (UTC +04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, sərəncam “Rəsmi qəzet”də dərc olunub.

Qeyd edək ki, sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılacaq. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR