Türkiyə Vəkillər Kollegiyasında 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş konfrans keçirilib - FOTO

Türkiyə Vəkillər Kollegiyasında 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş konfrans keçirilib - FOTO
# 21 yanvar 2020 00:55 (UTC +04:00)

Türkiyə Vəkillər Kollegiyasında Azərbaycanın 20 Yanvar– Ümumxalq Hüzn Gününün 30 illiyi ilə bağlı “Azadlığa gedən yolun asimmetrik savaşı” adlı konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qanlı yanvar haqqında məlumat veriblər.

Mətin Feyzioğlu bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb. M.Feyzioğlu deyib ki, 20 yanvar qətliamının sadəcə, Azərbaycanda tanınması yetərli deyil, beynəlxalq hüquq baxımından insanlığa qarşı işlədilmiş cinayətlərə daxil edilməsi və cavabdehlərin bu çərçivədə məsuliyyətə cəlb olunması lazımdır.

Xəzər İbrahim 30 il öncə ilə indiki Azərbaycanı müqayisə edib: “O zaman Azərbaycan azadlıq, suverenlik tələbində nə qədər haqlı olsa da, hərbi gücü yox idi, qarşısında sovet rejiminin XI Qızıl ordu kimi bir güc vardı. Bizi qətlə yetirdilər, amma iradəmizi qıra bilmədilər. 30 il öncədən fərqli olaraq, bu gün Azərbaycanın kifayət qədər hərbi gücü, qüdrəti, beynəlxalq aləmdə nüfuzu var”.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim 20 yanvar hadisələrində şəhid olanları ehtiramla yad edib. Bildirib ki, Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində Qanlı Yanvar Türkiyə xalqının nəzərində Şanlı yanvara cevrilib: “Tarix boyunca hər zaman assimetrik savaşlara məruz qaldıq, yenə də qalırıq. Amma mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinə uyğun olaraq, birgə həmrəyliyimiz qarşısında gücümüz sarsılmazdır. Beynəlxalq aləm artıq bu iki dövlətin həmrəyliyini qəbul edib. Beynəlxalq tədbirlərdə Azərbaycan Türkiyəni və əksinə Türkiyə Azərbaycanı təmsil edir. TANAP, Bakı-Tbilisi-Qars və bu kimi uğurlu bir çox layihələr bizim həmrəyliyimizə ən bariz nümunələrdir. Arzu edirik ki, bu nümunəvi həmrəylik bütün türk dövlətlərində yetərincə əks edilsin”.

Sonra professor Aygün Əttarın sədrliyi ilə konfransın panel hissəsi keçirilib. Ortadoğu Texniki Universitetinin professoru Hüseyn Bağçı, Türkiyə Prezident Adminstrasiyasının Səhiyyə və Qida Siyasəti Qurumu üzvü Necdət Ünivar və Türkiyə Prezident Adminstrasiyasının Təhlükəsizlik və Xarici Əlaqələr Qurumunun üzvü İsmail Safi məruzələrlə çıxış ediblər.

Tədbirdə millət vəkilləri Sinan Oğan, Mətin İşıq, Abbas Bozyel, Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev, Türk Şurasının baş katiblik heyəti, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, tanınmış ziyalılar, universitet müəllimləri, Türkiyədəki Hərbi məktəblərin və digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdən sonra “Qanlı Yanvar” adlı rəsm sərgisi də keçirilib.

Qeyd edək ki, 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin bəzi şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində yerli vaxtla 17:01-dən 22:01-dək faciənin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarxlar nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR