Türkiyədə PKK üzvü olmaqda ittiham olunan millət vəkili haqqında araşdırma başlanıb

Türkiyədə PKK üzvü olmaqda ittiham olunan millət vəkili haqqında araşdırma başlanıb
  • Clock-gray 12:52
  • calendar-gray 21 Fevral 2021

Türkiyənin Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) üzvü, Ağrı millət vəkili Dirayet Dilan Taşdemir haqqında araşdırma başladıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən “A Haber” televizyasında D.Taşdəmirin PKK üzvü olduğunu, bir müddət əvvəl PKK-nın İraqın şimalındakı Qara bölgəsində yerləşən bazasında olduğunu açıqladıqdan sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib.

Prokurorluqdan bildirilib ki, S.Soylunun millət vəkili haqqındakı bu açıqlaması şikayət olaraq qəbul edilib və Dirayet Dilan Taşdemir silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.

İttiham sübuta yetirilərsə, millət vəkilinin toxunulmazlığı ləğv ediləcək və o, həbs olunacaq.

Qeyd edək ki, fevralın 10-da Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qara bölgəsində PKK/YPG terror təşkilatına qarşı “Pəncə Qartal-2” hərəkatına başlayıb, 53 terrorçu zərərsizləşdirilib. 4 günlük əməliyyatda PKK-nın girov götürdüyü 12-si Türkiyə, 1-i İraq vətəndaşı olan 13 nəfərin xilas edilməsi mümkün olmayıb. Əməliyyat başlayan zaman terrorçular onları güllələyərək qətlə yetirib.

S.Soylu “Pəncə Qartal-2” əməliyyatı ərəfəsində D. Taşdemirin Qaraya getdiyini və bir neçə gün orada qaldığını da bildirib.  S.Soylu  qeyd edib ki, terrorçuların məskunlaşdığı Qəndil, Sincar, Suriya dəhlizlərinə keçid əhəmiyyətini daşıyan Qara bölgəsində  terrorçu hazırlayan “Apollo Akademiyası” da yerləşir.

Onu da bildirək ki, fevralın 14-də Ankara Baş Prokurorluğu HDP millət vəkilləri Hüda Kaya ve Ömer Faruk Gergerlioğlu haqqında da  PKK terror təşkilatına sosial media vasitəsilə dəstək vermələrilə bağlı araşdırmaya başlayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər