Türkiyədə zəlzələdə ölənlərin sayı 31-ə, xəsarət alanların sayı 1556 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-9

Türkiyədə zəlzələdə ölənlərin sayı 31-ə, xəsarət alanların sayı 1556 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-9
# 26 yanvar 2020 03:54 (UTC +04:00)

Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 382-si yaralı olmaqla, 1556 nəfər xəstəxanalara müraciət edib

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bundan əvvəl 29 nəfərin öldüyü, 1466 nəfərin də xəsarət aldığı deyilirdi.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 76 bina dağılıb, 642 binaya ciddi, 425 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.

İlk dağıdıcı zəlzələdən sonra bölgədə 19-nun gücü maksimum 4 bal olan 533 yeraltı təkan qeydə alınıb.

***

Saat 21:34

Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya ciddi, 409 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.

İlk dağıdıcı zəlzələdən sonra bölgədə maksimum 4 bal gücündə olan 462 yeraltı təkan qeydə alınıb.

***

Saat 13:04

Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

APA-nın məlumatına görə, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb.

Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

Saat 09:12

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.

***

Saat 08:22

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.

***

Saat 02:50

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur.

***

Saat 01:42

Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.

***

Saat 23:16

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.

APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

***

Saat 22:42

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.

***

Saat 22:20

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

***

Saat 22:10

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR