Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir

Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir
# 16 iyun 2019 13:45 (UTC +04:00)

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılar göndərmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Oman körfəzində tankerlərə zərbə endirilməsi faciə ilə yekunlaşa bilər. Buna görə də Böyük Britaniya regiona 100 dəniz piyadası göndərməyi planlaşdırır. Çevik reaksiya qüvvələri rolunu oynayacaq 100 dəniz piyadasının Böyük Britaniyanın Bəhreyndəki dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulub. Həmin hərbçilərin vəzifəsi Fras körfəzində patrul xidməti həyata keçirmək, Hörmuz boğazında hərbi və ticarət gəmilərini qorumaqdır. 100 dəniz piyadasının konkret nə zaman regiona göndəriləcəyi bu gün hökumət tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Hörmüz boğazında tankerlərə hücuma görə İran İslam İnqilabını Mühafizə Korpusunun məsuliyyət daşıdığını bəyan edib. Buna qədər isə ABŞ dövlət katibi Mayk Pompeo tankerlərə hücuma görə İranı günahlandırmışdı.

Tehran olayda iştirakını inkar edib, Vaşinqtonu Tehran və Yaponiya arasında aparılan danışıqları pozmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, iyunun 13-də səhər Oman körfəzində Yaponiyaya neft və metanol daşıyan iki tanker hücuma məruz qalıb. Tankerin heyətini evakuasiya etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR