Əfqanıstan hökuməti 1 000 talibi azad edib

Əfqanıstan hökuməti 1 000 talibi azad edib
# 09 may 2020 13:26 (UTC +04:00)

Əfqanıstan hakimiyyəti indiyədək “Taliban” Hərəkatının 1 000 nümayəndəsini azad edib.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Əfqanıstan Milli Təhlükəsizlik Şurası hökumətin yeni növ koronavirusla mübarizə və sülhün əldə olunması üçün bu addımın atıldığını vurğulayıb. Eyni zamanda “Taliban” Hərəkatının müdafiə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının azad edilməsi prosesini sürətləndirməsi, zorakılığın masştabını azaltması və hökumətlə birbaşa danışıqlara başlamasının zəruri olduğu vurğulanıb.

Qeyd edək ki, “Taliban” ABŞ-la əldə edilmiş razılaşmaya uyğun olaraq Əfqanıstan hökumətindən 5 min talibin azad edilməsini tələb edir. Əfqanıstan hökuməti isə tədricən 1,5 min talibin azadlığa buraxılmasına razılaşıb. Dünən “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin bildirib ki, “Taliban”ın əsir götürdüyü 48 əfqan hərbçini azad edilib.

Xatırladaq ki, bu ilin fevralında Qətərdə ABŞ VƏ “Taliban” arasında 18 ildən çox davam edən müharibədən sonra sülh sazişi imzalanıb. Saziş 14 ay ərzində Əfqanıstandan xarici ölkələrin qoşunlarının çıxarılmasını və əsirlərin mübadiləsindən sonra mart ayında Əfqanıstanda dialoqun başlamasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR