Həsən Ruhani: “Yəmənlilər düşmənlərinə xəbərdarlıq edib”

Həsən Ruhani: “Yəmənlilər düşmənlərinə xəbərdarlıq edib”
# 18 sentyabr 2019 14:25 (UTC +04:00)

“Yəmənlilər məktəb və ya xəstəxanaya hücum etməyiblər. Onlar sənaye müəssisəsinə hücum etməklə, öz düşmənlərinə xəbərdarlıq ediblər”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, Yəmən xalqına hücum ediləndə, regiona silah axını olanda heç kim səsini çıxartmır, amma Yəmən xalqı təcavüzə qarşılıq verən kimi, hamı narahat olur: “Yəmən xalqı böyük, ayıq və güclü xalqdır”.

Prezidentin sözlərinə görə, ABŞ rəsmiləri İran xalqına psixoloji təzyiq göstərir: “Onlar bu kimi ittihamlar irəli sürməklə, təzyiqi artırırlar. İran haqda əsassız və mənasız sözlər danışırlar. ABŞ rəsmilərinə elan edirik ki, təzyiq siyasəti ilə müzakirə aparmaq mümkün deyil. Əgər siz doğru danışırsınızsa və həqiqətən müzakirə aparmaq istəyirsinizsə, İrana qarşı bütün təzyiqləri dayandırın”.

H. Ruhani qeyd edib ki, ölkəsi müharibə istəmir, şimalda, şərqdə və qərbdə İranla həmsərhəd olan dövlətlərlə dostluq və qardaşlıq münasibətləri qurulub: “Biz cənub qonşularımızla da belə dostluq münasibətləri qurmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. Hücuma görə ABŞ da İranı ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR