Honkonq lideri ilk dəfə aksiyaçılarla görüşəcək

Honkonq lideri ilk dəfə aksiyaçılarla görüşəcək
# 26 sentyabr 2019 15:12 (UTC +04:00)

Kerri Lam ilk dəfə olaraq Honkonq hərəkatının nümayəndələri ilə görüşəcək.

APA-nın “Deustche Welle”yə istinadən verdiyi xəbərə görə, şəhərdəki siyasi gərginliyi aradan qaldırmaq üçün ümumşəhər müzakirələri çərçivəsində baş tutacaq görüş bu gün axşam keçiriləcək.

Rəsmilər bildirib ki, 2 saatlıq görüşdə iştirak etmək üçün 20 000 müraciət arasından 150 nəfər lotereya vasitəsilə seçilib. Görüşdə iştirak edəcək şəxslərə qaz maskası, dəbilqə, çətir gətirmək qadağan olunub.

“Sizin fikir və mövqelərinizdən asılı olmayaraq, inanıram ki, Honkonqun maraqları üçün bizim ümumi məqsədimiz var”, - deyə Honkonq lideri Kerri Lam “Facebook" hesabında yazıb.

Stadionda keçiriləcək görüşün təhlükəsizliyini 3000 nəfər polis təmin edəcək.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 3 aydır davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli bilinənlər və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir. İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan edib. Sentyabrın 4-də isə qanun layihəsinin parlamentdən geri götürüldüyü bəyan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR