İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”

İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”
# 18 noyabr 2019 17:03 (UTC +04:00)

“İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə səngiyib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb ki, onlar da bir-iki günə tam həllini tapacaq:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”, - deyə Ə. Rəbii vurğulayıb.

O qeyd edib ki, hökumət İran xalqının etiraz haqqını tanıyır, lakin bununla belə xalqla iğtişaşçılar arasında fərq var.

Xatırladaq ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR