İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə ölən və xəsarət alanların sayı artıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Böhranın idarəetmə idarəsinin baş direktoru Məhəmməd Baqir Hünərbər bildirib ki, Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 345 nəfər xəsarət alıb, 40 ev tamamilə dağılıb.
O qeyd edib ki, zəlzələ Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunub. Ərdəbildə zəlzələ nəticəsində 30 nəfər yaralanıb, yaralılardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu axşam yerli vaxtla saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 62 km dərinlikdə olub.
Xatırladaq ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.
***
saat 09:16
İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.
Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib.
Zəlzələ Azərbaycan Respublikasının İranla sərhəd ərazilərində də hiss edilib.